Yüksək vəzifəli şəxslərin adından istifadə edib 135 min manatı ələ keçirdi – ŞOK FAKTLAR
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Füzuli rayon sakini, 1977-ci il təvəllüdlü Niyaməddin Məmmədzadə barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.İstintaq.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, N.Məmmədzadə 2019-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat zamanı tutulmuş T.Mehdiyevin yaxınlarını aldadaraq onlardan 135 min manat pul alıb. Belə ki, dövlət rəhbərliyində, hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışan tanışlarının olduğunu bildirən və qarşı tərəfi buna inandıran Niyaməddin T.Mehdiyevin həbsdə olan “Land Rover” markalı avtomobilinin buraxılması müqabilində 4 min manat, T.Tehdiyevə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməməsi qarşılığında isə müxtəlif vaxtlarda və ünvanlarda ümumilikdə 135 min manat pul alıb.
Bir müddət sonra avtomobil hƏbsdən çıxarılsa da, N.Məmmədzadə verdiyi digər vədlərə əməl etməyib və zənglərə cavab verməyib. O, pulları işi həll etmək üçün başqa şəxsə verdiyini bildirib.
Məhkəmə N.Məmmədzadənin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinməsinə və 8 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib. Zərərçəkmiş tərəfin 135 min manatlıq maddi, 100 min manatlıq mənəvi təzminat iddiası isə baxılmamış saxlanılıb.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!