Gəncədə ölümlə nəticələnən kütləvi davanın TƏFƏRRÜATI - FOTO
Gecə saatlarında Gəncənin Səməd Vurğun küçəsində qonşular arasında dava baş verib. İnsident zamanı 27 yaşlı Orxan Nağıyev “VAZ 2107” markalı avtomobillə 65 yaşlı Səlminaz Bağırovanı və 70 yaşlı Alim Məmmədovu vurub.Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, nəticədə Alim Məmmədov xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, Orxan Nağıyev qonşusu Vaqif Tağıyevin həyat yoldaşı Rəsmiyə Əfəndiyevanı vurmaq istəyib. Lakin yaralılar və sonradan həyatını itirən şəxs təsadüfən avtomobilin altında qalıb.
Xəsarət alan Səlminaz Bağırova hadisəni törədən Orxan Nağıyevin qayınanası, ölən şəxs isə qonşu olub.
“Yoldaşım kənarda durmuşdu. Maşın gəlib onu orada vurdu və sürüdü. Əvvəl dost idilər, gediş-gəlişləri var idi. Sonradan mübahisələri oldu” - mərhumun həyat yoldaşı Firuzə Məmmədova bildirib.
Hadisə şahidi İradə Abbasova isə bunları deyib: “Mən səs-küyə küçəyə çıxdım. Bir də baxdım ki, maşının altında bir adam var. Uşaqları çağırdım və onu maşının altından sürüyüb çıxardıq. Dedilər ki, qolu qırılıb, ayağı sınıb. Reanimasiyaya yerləşdirdilər, amma orada öldü. 1 ay olar ki, mübahisələri var idi. Bu artıq 4-cü dəfədir”.
Qonşular arasında baş verən mübahisənin dəqiq səbəbləri tam bilinməsə də onların ədavəti 1 aydan artıqdır davam edirmiş. Son insidentə qədər hətta narazılıq əlbəyaxa davayadək gedib çıxıb.
Rəsmiyə Əfəndiyevanın iddiasına görə, Orxan Nağıyev avtomobillə onu öldürmək istəyib: “Darvazanı təpikləyib qırdılar. Sonra da 15-16 maşın toplaşıb kürəkənimin qapısına gediblər. Orada dava salıblar, sonra da bura gəldilər. Orxan maşınla qaynanasını vurdu və kişi maşının altına aldı. Əslində məni öldürmək istəyirdi, qayınanasını vurdu”.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsi və Prokurorluğunda araşdırmalar davam etdirilir.
1 nəfərin ölümünə və daha birinin yaralanmasına səbəb olan Orxan Nağıyevin saxlanıldığı bildirilir.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!