Suriyada təlim keçən azərbaycanlının məhkəmə işi.
Qanunsuz silahlı birləşmələrin tərkibində vuruşan Azərbaycan vətəndaşı Akif Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, beynəlxalq terrorçuluqla mübarizə istiqamətində keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə bu ölkə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilən, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş 45 yaşlı Azərbaycan vətəndaşı Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.
Başlanılmış cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriyanın Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.
Akif Osmanova Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə ittiham verilib.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!